Fevralın 20-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 95 illik yubileyinə həsr olunmuş tədbirlər planı çərçivəsində konsert proqramı təqdim olunacaq.
“Tehsil365" xəbər verir ki, konsertdə orkestrin bədii rəhbəri və baş dirijoru, Prezident mükafatçısı Mustafa Aşurovun idarəçiliyi ilə Azərbaycan muğam sənətinin nadir incilərindən sayılan “Zabul Segah” və “Bayatı Kürd” dəstgahları səsləndiriləcək.
Konsertdə xanəndələr Səbinə Ərəbli, Mirələm Mirələmov, Nisbət Sədrayeva və Hüseyn Məlikov çıxış edəcəklər.
Bu cür tədbirlərin keçirilməsi gənc nəslin milli musiqi irsinə marağının artırılması və muğam sənətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, bu il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 95 ili tamam olur. İl ərzində yubiley ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Konsertin biletlərini şəhərimizin kassalarından əldə edə bilərsiniz.

