Fevralın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə fakültələr üzrə yüksək akademik göstəricilərə malik tələbələr və tələbə təşkilatlarının fəal üzvləri ilə görüş keçirilib.
Bu barədə “Tehsil365"ə universitetdən məlumat verilib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov Gənclər Gününün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis olunduğunu xatırladaraq tələbə-gəncləri əlamətdar gün münasibətilə təbrik edib. Rektor dövlət gənclər siyasətinin ölkənin davamlı inkişafında mühüm rol oynadığını vurğulayıb, gənclərin intellektual potensialının reallaşdırılması və onların təşəbbüslərinin dəstəklənməsinin prioritetlərdən biri olduğunu bildirib. Cəfər Cəfərov ADPU-da gənclərin ictimai, elmi və mədəni sahələrdə fəal iştirakını yüksək qiymətləndirərək, tələbə təşkilatlarının fəaliyyəti, gənclərin irəli sürdüyü təşəbbüslər və həyata keçirilən layihələrin universitetin inkişafına mühüm töhfə verdiyini qeyd edib. O, gənclərin enerjisi, innovativ düşüncəsi və təşəbbüskarlığının universitet mühitində müsbət dinamika yaratdığını vurğulayıb. Çıxışında son illərdə müəllimlik ixtisaslarına marağın artdığını bildirən rektor yüksək bal toplayan abituriyentlərin seçim zamanı pedaqoji ixtisaslara üstünlük verdiklərini qeyd edib. Universitetdə aparılan islahatlar, tədrisin məzmun və keyfiyyətinin artırılması, müasir tələblərə uyğun yeni tədris planlarının hazırlanması barədə danışan Cəfər Cəfərov gələcək nəsillərin formalaşmasında müəllimlərin rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin məqsədi gənclərin intellektual potensialının üzə çıxarılması, onların bilik və bacarıqlarının artırılması, cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaradılmasıdır. Professor A.Zamanov gənclərin xaricdə təhsil almalarının ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, bu istiqamətdə həyata keçirilən dövlət proqramlarının minlərlə gəncin dünyanın aparıcı universitetlərində təhsil almasına imkan yaratdığını qeyd edib. Eyni zamanda, gənclər üçün təsis edilən Prezident mükafatları, təqaüdlər və digər stimullaşdırıcı mexanizmlərin onların şəxsi və peşəkar inkişafında mühüm motivasiya vasitəsi olduğunu bildirib. Prorektor ADPU-da həyata keçirilən “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin gənclər arasında elmi rəqabət mühitinin formalaşdırılmasında, yeni ideyaların təşviqində və istedadlı tədqiqatçıların üzə çıxarılmasında mühüm rol oynadığını bildirib. O, belə təşəbbüslərin gənclərin elmə marağını artırdığını və universitetin elmi mühitinin daha da güclənməsinə töhfə verdiyini qeyd edərək, tələbə və gənc tədqiqatçıları elmi fəaliyyətə daha fəal qoşulmağa çağırıb.
Tədbirin sonunda fakültələr üzrə ötən semestrdə yüksək akademik nəticələr əldə etmiş və universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının işində fəallıq göstərmiş 40-a yaxın tələbə mükafatlandırılıb.
Görüş tələbələrin rəy və təkliflərinin dinlənilməsi, qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

