Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda 2 Fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirilib.
İnstitutdan “Tehsil365"ə bildirilib ki, tədbirdə akademik Vaqif Fərzəliyev Ulu Öndər Heydər Əliyevin hər zaman gənclərə diqqət və qayğı göstərdiyini vurğulayıb. Qeyd edib ki, 2 Fevral - Gənclər Gününün təsis olunması da Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Vaqif Fərzəliyev Azərbaycan gəncliyinin istər Vətən müharibəsində, istərsə də ondan sonrakı dövrdə üzərinə düşən tarixi vəzifələrin öhdəsindən layiqincə gəldiyini vurğulayıb. Qeyd edib ki, Vətən müharibəsinin əsas hərəkətverici qüvvəsi gənclər olub. Vətən müharibəsindəki Qələbəmiz həm də gənclərlə bağlı aparılan uğurlu siyasətin nəticəsi idi.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Mustafayeva bildirib ki, təhsil siyasətinin əsas hədəflərindən biri gənc nəsillərin savadlı və vətənpərvər ruhda yetişməsidir. Savadlı gənclər onlara göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, həm də məsuliyyətli olmalıdırlar.
İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Jalə Hüseynova Gənclər Gününə həsr olunan maraqlı təqdimatla çıxış edib.

