Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan “Tehsil365"ə bildirilib ki, Günəşin fəallığında artım qeydə alınıb. Hazırda Günəşin səthində 8 ləkə qrupunda ümumilikdə 97 ləkə müşahidə olunur. Proqnozlara əsasən, 2-8 fevral tarixlərində C sinifli alışmaların başvermə ehtimalı 99 faiz, M sinifli alışmaların ehtimalı 75 faiz, X sinifli alışmaların ehtimalı isə 25 faiz təşkil edir. Elektron selinin yüksək qalacağı, proton selinin isə təhlükəli həddə çatmayacağı gözlənilir.
Qeydə alınmış haloşəkilli Tac Kütlə Atılmasının Yerə mümkün təsiri hazırda modelləşdirilir və yaxın günlərdə geomaqnit sahəsinin sakit və aktiv səviyyələr arasında dəyişəcəyi gözlənilir.

