Bu gün — 3 fevral Azərbaycanın Milli Qəhrəmanı Şahin Talıb oğlu Tağıyevin doğum günüdür.
“Tehsil365” xəbər verir ki, Şahin Tağıyev 3 fevral 1949-cu ildə Tərtər şəhərində anadan olub. Əslən Şuşa rayonundan olan Milli Qəhrəman kiçik yaşlarından Bakıya köçüb, Bülbülə qəsəbəsində böyüyüb. Orta təhsilinə Bülbülə qəsəbəsindəki 208 saylı məktəbdə başlayan Şahin Tağıyev daha sonra 12 saylı internat məktəbində təhsilini davam etdirib. Sonralar Energetika texnikumuna daxil olub və 1969-cu ildə oranı bitirərək təyinatla Rusiyanın Udmurt vilayətinə göndərilib.
Gənclik illərində Rusiya və Azərbaycanda energetika və ticarət sahələrində çalışan Şahin Tağıyev 1988-ci ildən etibarən milli azadlıq hərəkatının fəal iştirakçılarından biri olub. Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə silaha sarılaraq Tərtər, Seysulan, Yarımca və Levonarx istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin 23 iyun 1992-ci il tarixli, 6 saylı fərmanı ilə Şahin Tağıyev “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. O, bu ali ada layiq görülən ilk dörd şəxsdən biri olub. “Qurtuluş” batalyonunda döyüşən Şahin Tağıyev bir müddət sonra həmin batalyonun komandiri təyin edilib.
1993-cü ilin mart ayında gedən döyüşlərin birində ağır yaralanan Şahin Tağıyev uzunmüddətli müalicədən sonra polkovnik-leytenant rütbəsində ordudan tərxis olunub. Sonrakı illərdə Qarabağ Koordinasiya Şurasında fəal iştirak edib, Qarabağ Azadlıq Təşkilatının yaradıcılarından biri olub. 2000-ci ildə təşkilatın bərpa qurultayında Ali Məclisin üzvü və sədr müavini seçilib.
2001-ci ildən İsveçdə mühacirətdə yaşayan Şahin Tağıyev ailəli idi, bir oğlu və bir qızı, həmçinin nəvələri var. 2024-cü ildə səhhətində ciddi problemlər yaranan Milli Qəhrəman uzun sürən xəstəlikdən sonra 29 dekabr 2025-ci ildə İsveçin Malmö şəhərində 76 yaşında vəfat edib.
2026-cı il yanvarın 15-də Şahin Tağıyevin nəşi Azərbaycana gətirilərək Hərbi Memorial Məzarlıq – İkinci Fəxri Xiyabanda dəfn olunub.

