Bu gün tanınmış filoloq, tədqiqatçı-alim, publisist Esmira Seyfəl qızı Fuadın doğum günüdür.
“Tehsil365” xatırladır ki, Esmira Fuad Quba əsillidir. O, 1958-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində anadan olub. 1975-ci ildə Göyçay rayonunun Qarabaqqal kənd orta məktəbini, 1983-cü ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini müvəffəqiyyətlə bitirib.
Əmək fəaliyyətinə Göyçay rayonunda başlayan Esmira Fuad bir müddət Nizami adına narçılıq sovxozunda fəhlə, daha sonra Azad Komsomol Komitəsinin katibi kimi çalışıb. Sonrakı illərdə Bakı Dövlət Universiteti nəşriyyatında redaktor, Ali Diplomatiya Kollecində elmi metodist, “Azərbaycan diplomatiyası” jurnalında baş redaktorun birinci müavini, “Respublika” qəzetində isə uzun illər humanitar elmlər redaksiyasının müdiri vəzifələrində çalışıb.
1999-cu il aprelin 4-dən etibarən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlayan Esmira Fuad hazırda institutun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir. O, “Mirzə İbrahimov adına Kitab Fondu”nun yaradıcısıdır.
“Yeni tərcüman” qəzetinin təsisçisi və baş redaktoru olan Esmira Fuad 90-dan artıq elmi məqalənin, çoxsaylı publisistik və ədəbi yazıların müəllifidir. Onun elmi araşdırmaları nüfuzlu xarici jurnallarda və ölkə daxilində nəşr olunur.
Esmira Fuad Cənubi Azərbaycan ədəbiyyatının tədqiqi sahəsində mühüm xidmətlərinə görə bir sıra nüfuzlu mükafatlara layiq görülüb. O, “Araz” ali ədəbi mükafatı, “Qızıl qələm”, “Xan qızı Natəvan”, “Həsənbəy Zərdabi”, “Səməd Behrəngi”, “Seyid Cəfər Pişəvəri” mükafatlarının, Avropa Yayın Evinin “Qızıl medal”ının, eləcə də bir sıra fəxri diplomların sahibidir.
2008-ci ildə Azərbaycan Qadınlarının III, Azərbaycan Yazıçılar Birliyinin XIII qurultaylarına nümayəndə seçilən Esmira Fuad 2016-cı ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu üzrə “İlin alimi” adına layiq görülüb.
Filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad hazırda da Azərbaycan ədəbiyyatşünaslığına və Cənubi Azərbaycan ədəbiyyatının tədqiqinə dəyərli töhfələr verməkdədir.

