Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMIU) Kulturologiya fakültəsinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan 5 tələbəsi Azərbaycan Dillər Universitetinin Elmi Kitabxana-İnformasiya Xidməti Mərkəzində (EKİXM) könüllü fəaliyyət göstəriblər.
Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib. Bildirilib ki, könüllü fəaliyyətə cəlb olunan tələbələr – Musayeva Zinyət, Əliyeva Samirə, Babazadə Qumral, Əzizova Firuzə və Orucova Fəridə – iki ay müddətində kitabxana işi üzrə müxtəlif istiqamətlərdə ilkin praktiki təcrübə qazanıblar. Onlar kitabişləmə, məlumat axtarışı, elektron və çap resurslarından istifadə, axtarış sistemləri və kitabxana kataloqları ilə iş, elektron kitablar və məlumat bazalarından yararlanma sahələrində bilik və bacarıqlarını inkişaf etdiriblər. Eyni zamanda kitabxana tədbirlərinin təşkili prosesində də fəal iştirak ediblər.
Qeyd olunub ki, fəaliyyət EKİXM-in müdiri Cəmilə Əliyeva və mərkəzin əməkdaşlarının dəstəyi ilə həyata keçirilib. Bu təcrübə tələbələrə kitabxana mühitini yaxından tanımaq, nəzəri biliklərini praktikada tətbiq etmək və peşə bacarıqlarını formalaşdırmaq imkanı yaradıb.

