Fevralın 2-də Respublika Uşaq Kitabxanasında Gənclər Günü münasibətilə “Sağlam Gənclik – Güclü Gələcək” adlı maarifləndirici tədbir təşkil olunub.
"Tehsil365" xəbər verir ki, tədbirdə Azərbaycan Dillər Universitetinin və digər ali təhsil müəssisələrinin nümayəndələri, idman sahəsində uğur qazanmış gənclər, gənc kitabxanaçılar və mədəniyyət könüllüləri iştirak ediblər.
Çıxışlar zamanı qonaqlar gənclərin fiziki sağlamlığının qorunmasının, intellektual inkişafının və sosial məsuliyyət hissinin formalaşdırılmasının cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Azərbaycan Dillər Universitetinin müəllimi Ayşən Məmmədova çıxışında təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edib. O, yüksək nəticələrin məqsədyönlü fəaliyyət, güclü motivasiya və ardıcıl zəhmət hesabına mümkün olduğunu qeyd edərək, gənclərə praktiki tövsiyələr verib. Bildirib ki, bu kimi görüşlər gənclərin gələcəkdə daha sağlam, güclü və uğurlu fərdlər kimi formalaşmasına mühüm töhfə verir.

