Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) təşkil olunan üçüncü könüllülük proqramı uğurla yekunlaşıb.
Bu barədə “Tehsil365"ə MEK-dən məlumat verilib.
Tədbirdə MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov könüllülərin kitabxanadakı fəaliyyətini yüksək qiymətləndirib, bu cür proqramların gənclərin gələcək karyerasında mühüm rol oynadığını vurğulayıb.
MEK rəhbəri bildirib ki, üç ay ərzində könüllülər təcrübə qazanmaqla yanaşı, kitabxananın müxtəlif şöbə və fondlarında çalışaraq komanda işi, vaxtın idarə olunması, istifadəçilərlə ünsiyyət kimi bacarıqlarını da inkişaf etdirməyə imkan tapıblar.
Könüllülər tərəfindən “Şəhərsalma və Memarlıq İli”nə töhfə olaraq, MEK-in binasının xüsusi dəqiqliklə işlənmiş maketini hazırladığını diqqətə çatdıran direktor bu təşəbbüsün könüllülərin müasir Azərbaycan memarlığına olan marağını və kitabxanaya olan bağlılığını simvolizə etdiyini söyləyib.
Tədbir zamanı MEK-in elmi katibi, “MEK könüllüləri” proqramına məsul şəxs Şəbnəm Rüstəmova könüllülərin fəaliyyəti barədə təqdimatla çıxış edib. Bildirilib ki, könüllülər kitabxananın bütün sahələrində öz potensiallarını sınamaq imkanı əldə ediblər və nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndiriblər. Onlar, kitabların inventar nömrələrinə görə sıralanması, topoqrafik kartoçkaların hazırlanması, sənədlərin işlənməsi və elektron kataloqa daxil edilməsi, nəşrlərin rəqəmsallaşdırılması kimi müxtəlif işlərə cəlb olunublar. Bundan başqa, oxuculara xidmət göstərərək sənəd sifarişlərini yerinə yetiriblər.
Daha sonra MEK könüllülərinin fəaliyyəti haqqında videoçarx izlənilib.
Tədbirdə çıxış edən könüllülər MEK-də keçirdikləri müddətin onlara peşəkar vərdişlər qazandırdığını, yaradıcı ideyalarının dəstəklənməsinin isə onlarda özünəinam hisslərinin artırdığını qeyd ediblər.
Sonda könüllülük proqramını müvəffəqiyyətlə başa vuran bir qrup gəncə sertifikatlar təqdim olunub.

