Naxçıvan Dövlət Universitetinin (NDU) İncəsənət fakültəsində Əməkdar incəsənət xadimi, Xalq artisti, professor, “Şöhrət” ordenli dirijor Ağaverdi Paşayevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib. Bildirilib ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev yubilyarı əlamətdar gün münasibətilə təbrik edib, onun Azərbaycan musiqi mədəniyyətində əvəzsiz yerə malik olduğunu bildirib. Rektor qeyd edib ki, Ağaverdi Paşayevin yaradıcılığı milli musiqi irsinin müasir dövrdə yaşadılmasına, təhsil və mədəniyyət arasında möhkəm körpünün qurulmasına mühüm töhfə verib. Vurğulanıb ki, Xalq artistinin fəaliyyəti təkcə sənət uğurları ilə məhdudlaşmır, eyni zamanda gənc nəslin estetik zövqünün formalaşmasına, milli-mənəvi dəyərlərə bağlı kadrların yetişdirilməsinə xidmət edir. Elbrus İsayev onun nümunəvi həyat yolu və zəngin təcrübəsinin gənclər üçün əsl örnək olduğunu diqqətə çatdırıb.
Çıxışın sonunda rektor Ağaverdi Paşayevə Naxçıvan Dövlət Universitetinin Fəxri Fərmanını və universitet kollektivi adından müxtəlif hədiyyələr təqdim edib.
Sənətşünaslıq elmləri doktoru, dosent, Əməkdar müəllim İnara Məhərrəmova məruzəsində Xalq artistinin həyat və yaradıcılığından bəhs edib. Bildirib ki, Ağaverdi Paşayev “Şöhrət” ordeni ilə yanaşı, “Qızıl Cəng” Beynəlxalq mükafatı və “Humay” mükafatı laureatıdır. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan sənətkar 50 ildən artıqdır musiqi sənətinə xidmət edir.
Prezidentin fərdi təqaüdçüsü, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, NDU-nun İncəsənət fakültəsinin “Xalq Çalğı Alətləri” kafedrasının müəllimi Əkrəm Məmmədli də çıxış edərək yubilyarla bağlı xatirələrini bölüşüb, onun dirijor və sənətkar kimi qazandığı uğurlardan danışıb.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin Xalq Çalğı Alətləri orkestri dirijor Niyaz İsmayılovun rəhbərliyi ilə Xəlil Cəfərovun “Rəqs süitası”nın I, II, III və IV hissələrini ifa edib.
Sonda yubilyar Ağaverdi Paşayev göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə və kollektivə dərin təşəkkürünü bildirib.

