Türk Dünyası Araşdırmaları Mərkəzi Türk xalqlarının ortaq tarixinin, dilinin və mədəni dəyərlərinin qorunması, araşdırılması və gələcək nəsillərə ötürülməsi məqsədilə bir sıra layihələr hazırlayıb.
“Tehsil365” xəbərə verir ki, layihələr Türk dünyasında yaşayan soydaşların bir-birini daha yaxından tanımasına, ortaq dəyərlər ətrafında düşünməsinə və mədəni yaddaşın qorunmasına xidmət edir. Qeyd olunub ki, hazırlanan layihələr Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla tərəfindən təsdiqlənib.
Layihələrdən biri olan “Kaşğarlı Mahmud Yolu və Türk Dünyası” layihəsinin əsas məqsədi Kaşğarlı Mahmudun elmi irsini davam etdirərək, Türk coğrafiyalarında yaşayan, lakin unudulmaq üzrə olan sözlərin toplanmasıdır. Bildirilib ki, layihə çərçivəsində dünya coğrafiyasında yaşayan müxtəlif xalqların dillərinə keçmiş türk mənşəli sözlərin müəyyənləşdirilməsi, bu sözlərin toplanması və mənaları ilə birlikdə sistemli şəkildə təqdim edilməsi nəzərdə tutulur. Layihə Türk dillərinin zənginliyini üzə çıxarmağı və bu zənginliyi ortaq mədəni yaddaşın tərkib hissəsi kimi qorumağı qarşıya məqsəd qoyur.
“Türk Dünyası Əl Kitabı” layihəsi isə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və digər Türk topluluqlarında tarix boyu formalaşmış dövlətlər, görkəmli şəxsiyyətlər və mədəni irs haqqında qısa və anlaşılan məlumatların bir araya gətirilməsini nəzərdə tutur. Əl kitabında Türk imperiyaları və dövlətləri barədə ümumi məlumatlar, onların yaranma mərhələləri, xəritələri və bayraqları ilə yanaşı, həmin dövlətlərdə yetişmiş alimlərin, şairlərin və ziyalıların əsərləri haqqında bilgilərin yer alacağı qeyd olunub.
“Heydər Əliyev və Türk Dünyası” adlı layihə ümummilli lider Heydər Əliyevin Türk dünyası ilə bağlı düşüncələrini, siyasi baxışlarını və bu istiqamətdə həyata keçirdiyi fəaliyyəti elmi və maarifləndirici formada təqdim etməyi hədəfləyir. Bildirilib ki, layihə artıq təsdiqlənib və 4 fevral tarixindən etibarən məktəblərdə həyata keçiriləcək.
Qeyd edilib ki, Türk Dünyası Araşdırmaları Mərkəzinin hazırladığı bu layihələr real materialların toplanmasına, məlumatların sistemləşdirilməsinə və cəmiyyətlə paylaşılmasına əsaslanır. Layihələr Türk dünyasının ortaq tarixinin, dilinin və mədəniyyətinin yaşadılmasına, bu dəyərlərin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Məlumata görə, layihələrin ideya müəllifləri Kapadokya Universiteti, professor Bəxtiyar Aslan və Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimlidir.

