2026-cı il yanvarın 31-də Xəzər Universitetinin təşkilatçılığı ilə Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda universitetin Musiqi və İncəsənət Departamentinin müəllimi, tanınmış sənətkar, ölkə daxilində və xaricdə bir sıra müsabiqə və festivalların mükafatçısı Aşıq Ramin Qarayevin “Sazımda – Avazımda” adlı solo konserti keçirilib. Tədbirdə universitetin rəhbərliyi, əməkdaşları, musiqi ictimaiyyətinin nümayəndələri və musiqisevərlər iştirak ediblər.
"Tehsil365" xəbər verir ki, tədbirdə çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı Azərbaycan və Gürcüstan aşıqlarının tarixən və hazırda bu ümumxalq sənətinin inkişafına göstərdikləri səylərdən söz açıb. O, bir neçə il əvvəl ustad Aşıq Kamandarın 90 illik yubileyinin universitetdə təntənə ilə keçirildiyini xatırladaraq, Aşıq Ramin Qarayevin pedaqoji və yaradıcı fəaliyyətini yüksək qiymətləndirib.
Konsert Xəzər Universitetinin Kamera orkestri və saz qrupunun müşayiəti ilə, həmçinin universitetin qızlardan ibarət xor kollektivinin iştirakı ilə baş tutub. Aşıq Ramin Qarayev konsertdə Osmanlı divanisi, Naxçıvani, Koroğlu dübeytisi, Mansırı, Gəraylı, Gilənar, “Nə mən döndüm, nə sən döndün”, “Kərəm gözəlləməsi”, “İncəgülü”, “Nar ağacı, nar çiçəyi”, “Borçalım” və “Baş müxəmməs” havalarını, həmçinin Hamlet İsaxanlının sözlərinə bəstələdiyi mahnını ifa edib.
Tədbirdə Xalq artisti Gülyaz Məmmədova və universitetin vokal müəllimi Məhsəti Cabbarova da çıxış ediblər. Xalq artisti Gülyaz Məmmədova Hamlet İsaxanlının sözlərinə bəstələnmiş mahnını (bəstə Tahir Əkbərin) səsləndirib.
Konsertin sonunda Prof. Mahmud Kamaloğlu, Aşıq Kamandar Ev Muzeyinin direktoru Əflatun Əfəndiyev və idarə heyətinin qərarı ilə Hamlet İsaxanlıya və Aşıq Ramin Qarayevə “Aşıq Kamandar medalı” təqdim edilib.

