Bu gün Azərbaycan musiqisinin və diplomatiyasının görkəmli nümayəndəsi Polad Bülbüloğlunun doğum günüdür.
“Tehsil365” xəbər verir ki, 4 fevral 1945-ci ildə Bakıda anadan olmuş Polad Murtuza oğlu Məmmədov — sənət dünyasında Polad Bülbüloğlu kimi tanınır. O, atasının ləqəbi “Bülbül”ü soyad kimi götürərək Azərbaycan musiqisinin inkişafına böyük töhfələr vermişdir.
1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin sinfində bitirən Polad Bülbüloğlu geniş yayılmış mahnıların müəllifi və ifaçısı kimi məşhurdur. O, həmçinin kino-filmlərin, dram tamaşalarının musiqilərini, simfoniya və simfonik poemaları yaratmışdır. 1973-cü ildə Azərbaycan SSR əməkdar, 1982-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adlarına layiq görülmüşdür. 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri vəzifələrində çalışmışdır.
Polad Bülbüloğlu həm də diplomatik sahədə fəaliyyət göstərmişdir. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərərkən Rusiya və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə Müqəddəs Knyaz Nevski mükafatına layiq görülmüşdür. O, eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə təqdim etmiş və mədəniyyət sahəsində “Eşq və ölüm” baletinin Moskva səhnəsində tamaşaya qoyulmasına nail olmuşdur.
Polad Bülbüloğlu bir sıra yüksək dövlət və beynəlxalq mükafatlara layiq görülüb. Onlar arasında “İstiqlal” ordeni (2005), “Şərəf” ordeni (2015), 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2019), Azərbaycanın ən ali ordeni — “Heydər Əliyev” ordeni (2020) və Ermitaj Mükafatı (2024) vardır.
2024-cü ildə o, Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş və Azərbaycan - Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin edilmişdir. 2025-ci il fevralın 3-də isə Prezident İlham Əliyev tərəfindən uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

