Bu gün görkəmli Azərbaycan riyaziyyatçısı Zahid Xəlilovun xatirəsi yad edilir.
“Tehsil365” xəbər verir ki, 1974-cü il fevralın 4-də 63 yaşında vəfat etmiş görkəmli Azərbaycan riyaziyyatçısı, Əməkdar elm xadimi, akademik Zahid Xəlilovun xatirəsi bu gün yad olunur.
Zahid Xəlilov Tiflis quberniyasının Saraçlı kəndində anadan olmuş, Azərbaycanda funksional analiz məktəbinin banisi kimi tanınmışdır. O, SSRİ-də ilk “Funksional analiz” dərsliyinin müəllifi olmuş, poliharmonik tənliklər, Furye üsulunun analoqu və şəbəkə üsulu kimi elmi yenilikləri tətbiq etmişdir.
Zahid Xəlilov 1950-ci ildə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, 1962–1967-ci illərdə isə Akademiyanın prezidenti olmuşdur. Onun rəhbərliyi altında elmi tədqiqatlar funksional analiz, inteqral və diferensial tənliklər, bütöv mühit mexanikası, avtomatik idarəetmə sistemlərinin riyazi nəzəriyyəsi sahələrini əhatə etmişdir.
Akademik Z. Xəlilov “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif olunmuş, Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərmişdir. O, Fəxri xiyabanda dəfn olunmuşdur.

