Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində ölkənin ən böyük fərdi intellektual yarışı olan “GəncİNTELLEKT” təşkil olunub.
Bu barədə “Tehsil365”ə Azərbaycan Respublikasının Gənclər Fondundan məlumat verilib. Bildirilib ki, fərdi intellektual yarış gənclərin müxtəlif sahələr üzrə biliklərini sınamaq və artırmaq, analitik və sürətli düşünmə qabiliyyətlərini gücləndirmək, fərdi potensiallarını üzə çıxarmaq və sağlam rəqabət mühiti formalaşdırmaq məqsədi daşıyır.
İntellektual yarışın açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev və Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Naqif Həmzəyev bu cür yarışların ölkədə gənclərin intellektual potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Çıxışlarda gənclərin fərdi inkişafına xidmət edən təşəbbüslərin dəstəklənməsinin dövlət gənclər siyasətinin əsas prioritetlərindən biri olduğu vurğulanıb.
Qeyd edilib ki, 16–29 yaş arası 723 gənc yarışda iştirak üçün qeydiyyatdan keçib. Fərdi oyun formatında təşkil olunan “GəncİNTELLEKT” yarışında iştirakçılar müxtəlif mövzular üzrə hazırlanmış sualları cavablandırıblar. Yarış iki mərhələli seçim prosesi əsasında keçirilib. Belə ki, 310 gənc yarımfinal mərhələsində iştirak edib, ən yüksək nəticə göstərən 64 gənc final mərhələsinə vəsiqə qazanıb. Final mərhələsinin yekununda isə 4 gənc qalib olub.
Gənclərin həyəcanlı mübarizəsi ilə yadda qalan “GəncİNTELLEKT” fərdi intellektual yarışı Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “Böyük Qayıdış” Gənclər Təşkilatı, “CAVAN” Gənclər Hərəkatı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Xatırladaq ki, Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş genişmiqyaslı tədbirlər “GəncVİZYON” İdeyatonu və “GəncTALKS” Motivasiya Platforması ilə davam etdiriləcək.

