Şirvan şəhəri üzrə hazırda 4 müasir metodist fəaliyyət göstərir. Onlar ümumtəhsil müəssisələrində metodiki işin təşkili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm rol oynayırlar.
Bu barədə “Tehsil365”ə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, müasir metodistlər məktəblərdə dərsdinləmələrin təşkili, müəllimlərlə səmərəli əks-əlaqənin qurulması, müəllimlərin ehtiyaclarına uyğun metodiki görüşlərin keçirilməsi, həmçinin təlim ehtiyaclarına əsaslanan vebinarların təşkili istiqamətində sistemli fəaliyyət göstərirlər.
Şirvan şəhəri üzrə fəaliyyət göstərən müasir metodistlərdən biri Elnarə Quliyevadır. Ali təhsilli biologiya müəllimi olan E. Quliyevanın 22 illik pedaqoji stajı var. O, sertifikasiya imtahanında 56, diaqnostik qiymətləndirmədə isə 46 bal toplayıb. Onun əsas iş yeri Şirvan şəhəri Məftun Osmanov adına 20 nömrəli tam orta ümumtəhsil məktəbidir. Metodist kimi isə Şirvan şəhəri Mübariz İsrailov adına 18 nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-liseydə fəaliyyət göstərir. Həmin təhsil müəssisəsində 1300 təhsilalan, 98 pedaqoji heyət üzvü mövcuddur və onlardan 37 nəfər metodik xidmətə cəlb olunub.
Digər müasir metodist Səba Ağayevadır. Ali təhsilli riyaziyyat müəllimi olan S. Ağayeva 10 illik pedaqoji staja malikdir və sertifikasiya imtahanında 57 bal toplayıb. Onun əsas iş yeri Şirvan şəhəri Məftun Osmanov adına 20 nömrəli tam orta ümumtəhsil məktəbidir. S. Ağayeva metodist kimi də məhz bu məktəbdə fəaliyyət göstərir. Sözügedən məktəbdə 1505 təhsilalan, 102 pedaqoji heyət üzvü çalışır və onlardan 35 nəfər metodik xidmətə cəlb olunub.
Şirvan şəhəri üzrə müasir metodistlərdən biri də Nağıyeva Zərxanımdır. İbtidai sinif müəllimi ixtisası üzrə 9 illik pedaqoji staja malik olan Zərxanım Nağıyeva sertifikasiya imtahanında 53, diaqnostik qiymətləndirmədə isə 56 bal əldə edib. Onun əsas iş yeri və metodist kimi fəaliyyət göstərdiyi məktəb Şirvan şəhəri Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbidir. Bu məktəbdə 1908 təhsilalan, 131 pedaqoji heyət üzvü fəaliyyət göstərir və onlardan 37 nəfər müəllim metodik xidmətə cəlb olunub.
Müasir metodistlərdən biri olan Mahuparə Xanməmmədova isə ibtidai sinif müəllimi ixtisası üzrə 9 illik pedaqoji staja malikdir. O, sertifikasiya imtahanında 54, MİQ imtahanında isə 85,25 bal toplayıb. Onun əsas iş yeri və metodist kimi fəaliyyət göstərdiyi məktəb Şirvan şəhəri 21 nömrəli tam orta ümumtəhsil məktəbidir. Həmin məktəbdə 898 təhsilalan, 63 pedaqoji heyət üzvü çalışır və onlardan 35 nəfər metodik xidmətə cəlb olunub.
Qeyd edək ki, müasir metodistlər ümumtəhsil müəssisələrində müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, tədris prosesinin keyfiyyətinin artırılması və metodiki işin daha səmərəli təşkili istiqamətində mühüm funksiyalar yerinə yetirirlər.

