Azərbaycan florası növ müxtəlifliyi, endemik bitkilərin zənginliyi və nadir ekoloji xüsusiyyətləri ilə seçilir. Bu bitkilərin endemiklik səviyyəsinin, eləcə də nəsli kəsilmə təhlükəsi ilə üzləşib-üzləşmədiyinin elmi əsaslarla və dəqiq şəkildə araşdırılması olduqca vacibdir.
Bu barədə “Tehsil365"ə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri Elşad Qurbanov məlumat verib. O bildirib ki, bitkilərin yayılma arealları, ekoloji xüsusiyyətləri, yayılma dinamikası, antropogen təsirlərə həssaslığı və nəsli kəsilmə riskləri nəzərə alınmaqla sistemli məlumatların hazırlanması və rəqəmsallaşdırılması qarşıda duran əsas elmi vəzifələrdəndir.
Elşad Qurbanov qeyd edib ki, bu istiqamətdə müəyyən işlər artıq həyata keçirilib. Tərtib edilmiş “Azərbaycanın bitki örtüyü” kitabı və “Azərbaycanın bitki örtüyü xəritəsi” 40 ildən artıq müddət ərzində sistemləşdirilməmiş bitkilik tiplərinin müasir vəziyyətinin tədqiqinə həsr olunmuş fundamental elmi işlərdir.
Tədqiqatlar çərçivəsində bitki tiplərinin Azərbaycanın bütün botaniki-coğrafi rayonlarında yayılması araşdırılıb, onların elmi-botaniki təsviri hazırlanıb və hər bir taksonun koordinatları dəqiqləşdirilərək xəritələşdirilib.

