Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda kibertəhlükəsizliyin mühüm istiqamətlərindən biri olan rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb.
Bu barədə “Tehsil365"ə məlumat verən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev bu sahədə mövcud problemlərin kompleks və dərindən araşdırılmasının ölkə miqyasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, aparılan tədqiqatları institutun fəaliyyət prioritetlərinə uyğun strateji istiqamət kimi dəyərləndirib.
Akademik Rasim Əliquliyev bildirib ki, ölkədə rəqəmsal kriminalistika üzrə elmi-nəzəri tədqiqatların gücləndirilməsi kibertəhlükəsizlik sahəsində müasir çağırışlara çevik və effektiv cavab verilməsinə, eyni zamanda, rəqəmsal kriminalistikanın texnoloji aspektləri üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcək.

