Fevralın 4-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında şəhid ailələrinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Abduləziz Xanəhmədoğlunun 2022-ci il sentyabrın 12-də düşmənin genişmiqyaslı təxribatının qarşısının alınması zamanı qəhrəmancasına şəhid olmuş gizir Nəzər Ağacəlil oğlu Əzizovun xatirəsinə həsr etdiyi “Cəsur kəşfiyyatçı” kitabının təqdimat mərasimi təşkil olunub.
Bu barədə “Tehsil365"ə muzeydən məlumat verilib.
Təqdimat mərasimini açan muzeyin Aran filialının müdiri dosent Yaqut Bahadurqızı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində əldə olunan möhtəşəm Qələbənin müstəqillik tariximizin ən böyük hərbi-siyasi uğuru olduğunu qeyd edib.
Filialın müdiri Vətən müharibəsi dövründə və ondan sonrakı quruculuq mərhələsində bütün bu hadisələri qələmə alan ziyalıların, şair və yazıçıların rolunu yüksək qiymətləndirib. O, Abduləziz Xanəhmədoğlunun “Cəsur kəşfiyyatçı” kitabının bədii məziyyətlərindən bəhs edib. Bildirib ki, bu nəşr gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edir.
Təqdimat mərasimində şəhid Nəzər Əzizovun anası Cəmafət Əzizova oğlunun şərəfli ömür yolunu əks etdirən poemanı yüksək qiymətləndirib. O, şəhidlər haqqında yazılan hər bir kitabın onların adlarının əbədiləşdirilməsi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirdə şəhid Nəzər Əzizova həsr olunan foto və videoçarx nümayiş edilib.
Kitabın müəllifi Abduləziz Xanəhmədoğlu muzeyin Aran filialı ilə fəal əməkdaşlığına və vətənpərvərlik mövzusunda yazdığı dəyərli əsərlərə görə fəxri fərmanla təltif olunub.
Sonra poemadan parçalar səsləndirən şagirdlərə sertifikatlar təqdim olunub.
Sonda “Cəsur kəşfiyyatçı” kitabı şəhid ailələrinə hədiyyə edilib.

