Hazırda Qarabağ Universiteti ilə müzakirələrə başlanılıb və yaxın dövrdə Azərbaycan kibertəhlükəsizlik modelinin bu ali təhsil müəssisəsində də tətbiqi nəzərdə tutulur.
“Tehsil365" xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev bildirib.
Şahin Əliyev qeyd edib ki, artıq üç ildir fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi beynəlxalq təcrübə əsasında yerli kadr potensialının formalaşdırılması və milli kibertəhlükəsizlik məhsullarının inkişafına mühüm töhfə verir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi İsrailin Texnologiya İnstitutu – “Technion” ilə birgə təsis olunub və burada beynəlxalq standartlara uyğun şəkildə yerli mütəxəssislər hazırlanır. Eyni zamanda, yerli kibertəhlükəsizlik məhsullarının yaradılması və kommersiyalaşdırılmasına dəstək göstərilir.
Şahin Əliyev vurğulayıb ki, bu çərçivədə “Azərbaycan kibertəhlükəsizlik modeli”nin ali təhsil müəssisələrində tətbiqinə başlanılıb və hazırda 7 universitetlə əməkdaşlıq uğurla davam etdirilir. “İlk mərhələdə Mingəçevir Dövlət Universiteti ilə əməkdaşlıq qurulub, növbəti mərhələdə isə Naxçıvan və ölkənin digər regionlarında yerləşən ali təhsil müəssisələrində bu modelin tətbiqi nəzərdə tutulur. Hazırda mərkəzin fəaliyyəti nəticəsində iki uğurlu startap formalaşıb. Bu startaplar artıq yerli bazarda fəaliyyət göstərir və eyni zamanda xarici bazarlara çıxış əldə ediblər. Azərbaycanın kibertəhlükəsizlik məhsulları - “Cypho” və “Averon” uğurlu nümunə kimi göstərə bilərik. Növbəti mərhələdə həm Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təhsil alan tələbələrin, həm də tərəfdaş universitetlərin tələbələrinin iştirakı ilə bu cür məhsulların sayının artırılması planlaşdırılır”, – deyə Ş.Əliyev bildirib.
Sədr müavini diqqətə çatdırıb ki, hazırda Qarabağ Universiteti ilə də müzakirələrə başlanılıb və yaxın dövrdə Azərbaycan kibertəhlükəsizlik modelinin bu ali təhsil müəssisəsində də tətbiqi nəzərdə tutulur: “Qarabağ bölgəsində təhsil alan gənclər bu sahəyə böyük maraq göstərirlər və gələcəkdə Xankəndidə kibertəhlükəsizlik istiqamətində dünya bazarına çıxacaq məhsulların və ixtisaslı mütəxəssislərin hazırlanacağına inanırıq”.

