2 – 3 fevral 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin əməkdaşları üçün GIZ, SIGMA və Avropa CAF Resurs Mərkəzinin təşəbbüsü ilə Ümumi Qiymətləndirmə Çərçivəsi (CAF – Common Assessment Framework) layihəsinin ikinci mərhələsi üzrə növbəti seminar təşkil olunub.
“Tehsil365" xəbər verir ki, Hibrid formatda keçirilən seminarda bu sahədə təcrübəli beynəlxalq ekspertlər — Tihana Puzic və Nick Thijs tərəfindən aparılıb.
Seminarın əsas məqsədi layihə çərçivəsində yaradılmış özünüqiymətləndirmə qrupunun üzvləri tərəfindən anonim şəkildə doldurulmuş fərdi qiymətləndirmə sorğularının nəticələrinin birgə təhlili, əldə olunmuş qiymətləndirmələr üzrə ümumi mövqenin formalaşdırılması və konsensusun əldə edilməsi olub.
Seminar zamanı iştirakçılar CAF modelinin meyarları üzrə müzakirələr aparıb, təşkilatın güclü tərəfləri və inkişaf imkanları müəyyənləşdirilib, həmçinin gələcək mərhələlər üçün istiqamətlər razılaşdırılıb. İnteraktiv müzakirələr və beynəlxalq təcrübəyə əsaslanan yanaşmalar prosesin səmərəliliyini daha da artırıb.
Qeyd edək ki, CAF modeli Avropa ölkələrində dövlət qurumlarında səmərəli, şəffaf və keyfiyyətə əsaslanan idarəetmənin təşviqi məqsədilə geniş şəkildə tətbiq olunur. Layihənin ilkin mərhələsi olan 2 günlük intensiv seminar isə 10–11 dekabr 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzində əyani formada həyata keçirilib. Layihə çərçivəsində nəzərdə tutulan növbəti görüşlərin qarşıdakı aylarda davam etdirilməsi planlaşdırılır.

