Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, laboratoriyanın əməkdaşları – baş elmi işçi kimya elmləri doktoru Xəyalə Allahverdiyeva və aparıcı elmi işçi dosent Fatimə Mustafayevanın həmmüəllifi olduqları məqalə Q1 kvartilli “RSC Advances” jurnalında dərc olunub.
Bu barədə “Tehsil365"ə institutdan məlumat verilib.
“Fire-resistant polymer composites based on mineral fillers” (Mineral doldurucular əsasında odadavamlı polimer kompozitlər) adlı icmal məqalədə polimer kompozitlərin odadavamlılıq xüsusiyyətinin yaxşılaşdırılmasında mineral doldurucuların rolu araşdırılıb. Mineral doldurucu hissəciklərinin təsir mexanizmi və qarışıqdakı komponentlərin nisbətindən asılı olaraq kompozitlərin odadavamlılıq dəyişikliklərinin təbiəti nəzərdən keçirilib. Təbii və modifikasiya olunmuş mineral doldurucuların polimer kompozitlərin termiki davamlığına və odadavamlığına ayrı-ayrılıqda və birlikdə təsirləri nəzərdən keçirilib. Kompozitlərin odadavamlılıq xüsusiyyətini qiymətləndirmək üçün seolit, huntit, hidromaqnezit, sepiolit, bazalt, vermikulit, montmorillonit, perlit, talk, halloysit, kaolin və vollastonit kimi mineral dolduruculardan istifadə olunub.
İmpakt faktoru 4.6-ya bərabər olan jurnal “Scopus”, “Web of Science”, “Science Citation Index Expanded”, DOAJ və “PubMed Central” və digər beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxildir.

