Azərbaycan Dillər Universitetinin (ADU) muzeyində “Muzey eksponatının hekayəsi” elmi-tədqiqat layihəsi çərçivəsində dəyərli eksponat – Türkiyə Respublikasının milli mədəniyyət simvollarından biri olan İznik üslublu keramika boşqab təqdim olunub.
“Tehsil365” xəbərə verir ki, sözügedən eksponat 2019-cu ildə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın Türkiyənin Dokuz Eylül Universitetinin nümayəndələri ilə görüşü zamanı hədiyyə edilib.
Keramika materialından hazırlanmış, diametri 30 sm olan dekorativ əl işi hazırda ADU Muzeyində sərgilənir. Boşqab 2005-ci ildə tanınmış türkiyəli çini keramika sənətçisi Aslı K. tərəfindən hazırlanıb.
Qeyd edək ki, İznik üslubu XV–XVII əsrlərdə Osmanlı imperiyasında formalaşmış, xüsusilə XVI əsrdə öz zirvəsinə çatmış məşhur keramika və çini sənəti nümunəsidir. Texniki keyfiyyəti və estetik zənginliyi ilə seçilən bu üslubda hazırlanmış boşqabda lalə, qərənfil, sünbül və gül kimi naturalist çiçək motivləri əks olunub.
Məlumata görə, İznik keramikasında istifadə olunan mavi, firuzəyi, yaşıl və mərcan qırmızısı rənglər simvolik mənalar daşıyır. Hər bir naxış və rəng Osmanlı çini sənətində ilahi nizamı, mənəvi dəyərləri və estetik dünyagörüşünü təcəssüm etdirir.
Hazırda ADU Muzeyində nümayiş etdirilən bu İznik üslublu keramika boşqab həm sənət əsəri, həm də Osmanlı dövrünün mədəni və fəlsəfi dünyagörüşünü əks etdirən nadir eksponatlardan biri hesab olunur.
Müəllif: Lalə Məmmədova,
ADU Muzey şöbəsinin müdiri

