Azərbaycan hərb tarixində silinməz iz qoymuş şəxsiyyətlərdən biri olan Səlimov Həbib bəy Hacı Yusif oğlu 8 fevral 1881-ci ildə İrəvan şəhərində anadan olub.
"Tehsil365" xəbər verir ki, O, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə general-mayor rütbəsinə yüksəlmiş, milli ordunun formalaşmasında mühüm rol oynamışdır.
Həbib bəy Səlimov AXC ordusunun ilk baş qərargah rəisi kimi tarixə düşmüşdür. Onun peşəkarlığı, hərbi biliyi və strateji düşüncəsi gənc respublikanın silahlı qüvvələrinin təşkilində həlledici əhəmiyyət daşıyıb. General xüsusilə 1919-cu ildə baş vermiş Əsgəran savaşı zamanı göstərdiyi şücaətlə tanınmış, erməni silahlı dəstələrinin hücumunun qarşısının alınmasında mühüm rol oynamışdır. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün qorunması baxımından tarixi əhəmiyyət kəsb edib.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra repressiyalara məruz qalan Həbib bəy Səlimov 30 dekabr 1920-ci ildə Bakı şəhərində qətlə yetirilmişdir.
Həbib bəy Səlimov Azərbaycan ordusunun qurucularından biri, vətənpərvər general və milli hərb tariximizin qəhrəman simalarından biri kimi bu gün də ehtiramla xatırlanır. Onun həyatı və fəaliyyəti gənc nəsil üçün vətənə xidmət nümunəsidir.

