4–6 fevral tarixlərində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş “GəncVİZYON” ideyatonu təşkil edilib.
“Tehsil365” xəbər verir ki, ideyatonun əsas məqsədi gənclərin yaradıcı və innovativ potensialını üzə çıxarmaq, onları real problemlərə dayanıqlı və praktik həllər təqdim etməyə təşviq etmək, eyni zamanda komanda işi, liderlik, təqdimat və ünsiyyət bacarıqlarını inkişaf etdirmək olub. Layihə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin prioritetlərinə uyğun şəkildə reallaşdırılıb.
İdeyatonun 4 fevral tarixində keçirilən ilkin mərhələsində 240 gənc 40 komanda şəklində mentorların dəstəyi ilə gələcəyin təhsili və bacarıqları, gənclərin məşğulluğu və sahibkarlıq, rəqəmsal gələcək və süni intellekt, sosial təşəbbüslər və könüllülük, eləcə də yaşıl və dayanıqlı gələcək istiqamətləri üzrə ideyalarını formalaşdırıblar. Mentorların dəyərləndirməsi nəticəsində hər istiqamət üzrə 2 komanda olmaqla, ümumilikdə 10 komanda final mərhələsinə vəsiqə qazanıb.
6 fevral tarixində baş tutan final mərhələsində komandalar ideyalarını münsiflər heyətinə təqdim ediblər. Dəyərləndirmə zamanı ideyaların innovativliyi, sosial təsiri, reallığa uyğunluğu və strateji yanaşması əsas meyarlar kimi nəzərə alınıb. Münsiflər heyətinin qərarına əsasən Ekoliz, GreenPoint və Hexra komandaları qalib elan olunub.
Bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov və “Nar” şirkətinin Korporativ Ünsiyyət və PR Departamentinin direktoru Hökümə Kərimova ideyatonun əhəmiyyətindən bəhs ediblər.
İdeyatonun sonunda qalib komandalar mükafatlandırılıb.
Qeyd edək ki, “GəncVİZYON” ideyatonu Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və bir sıra gənclər təşkilatlarının birgə təşkilatçılığı, “Nar”ın tərəfdaşlığı ilə həyata keçirilib.
Bununla yanaşı, Azərbaycan Gəncləri Gününə həsr olunmuş “GəncLAND” Gənclər Festivalı, “GəncİNTELLEKT” fərdi intellektual yarışı və “GəncTALKS” Motivasiya Platforması da təşkil olunub.

