9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olan Əsgər Məmmədoğlu 1975-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. O, 1977-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb, müxtəlif illərdə Sumqayıt Dövlət Dram Teatrında və Tədris Teatrında çalışıb. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdan sənətkar uzun illər bu səhnədə yaddaqalan obrazlar yaradıb.
“Tehsil365” xatırladır ki, Aktyor “Mirzə Şəfi”, “Sizi deyib gəlmişəm”, “Əliqulu evlənir”, “Maqbet”, “Hamlet”, “Aydın”, “Qanlı Nigar” və onlarla başqa tamaşada müxtəlif xarakterli rolları ilə tamaşaçı rəğbəti qazanıb. Əsgər Məmmədoğlu həmçinin teletamaşalarda və bədii filmlərdə də uğurla çıxış edib. Xüsusilə “Bəyin oğurlanması” filmində yaratdığı Ələsgər obrazı bu gün də tamaşaçıların yaddaşındadır. O, “Mozalan” satirik kinojurnalının 20-yə yaxın süjetində də rol alıb.
Sənətinə verdiyi töhfələrə görə 2002-ci ildə Əsgər Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Qeyd edək ki, görkəmli aktyor 21 dekabr 2015-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib və 22 dekabrda “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.
Əsgər Məmmədoğlu yaradıcılığı ilə Azərbaycan teatr və kino tarixində silinməz iz qoymuş sənətkarlardandır. Onun əziz xatirəsi doğum günündə də hörmət və ehtiramla anılır.

