Kamran İsmayılov 9 fevral 1991-ci ildə Yevlax şəhərində anadan olub.
“Tehsil365” xəbər verir ki, 1997–2008-ci illərdə Yevlax şəhərində İ. Nəsimi adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2008–2012-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alaraq peşəkar zabit kimi formalaşıb.
Ailəli olan Kamran İsmayılovun iki övladı yadigar qalıb. O, Azərbaycan Ordusunda kapitan rütbəsində xidmət edib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Kamran İsmayılov Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 5 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhid kapitan Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Vətən qarşısında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Kamran İsmayılov ölümündən sonra “Vətən uğrunda” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Doğum günü münasibətilə qəhrəman şəhidimiz Kamran İsmayılovun əziz xatirəsi dərin ehtiramla anılır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

