“Bu günə qədər Kibertəhlükəsizlik Mərkəzində 380-dən çox yüksəkixtisaslı mütəxəssis yetişdirilib və ümumilikdə 10 mindən çox şəxs burada təlim proqramlarına cəlb olunub”.
“Tehsil365” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günü tədbiri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkədə yerli təhsil müəssisələri ilə əməkdaşlıq edilir: “Həm özəl, həm dövlət sektoru ilə güclü əməkdaşlıq var və məzunların 86%-i bu gün işlə təmin olunub. Bununla yanaşı, mərkəzdə yerli məhsulların hazırlanması istiqamətində də tədbirlər görülür və bu günə qədər artıq 5 yerli məhsul hazırlanaraq bazara təqdim edilib. Bu gündən sonra da biz bu modeli inkişaf etdirəcəyik. Ölkənin bütün təhsil müəssisələrində kibertəhlükəsizliklə bağlı tədbirlər həyata keçiriləcək və onu da qeyd etmək istəyirəm ki, artıq bu mərkəzə xarici ölkələr tərəfindən də ciddi maraq var. Qazaxıstan və bir çox ölkələrlə bu modelin xaricə ixrac edilməsi istiqamətində işlər aparılır”.
Ş.Əliyev vurğulayıb ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) hesabatına əsasən, Azərbaycan kibertəhlükəsizlik sahəsində son illərdə reytinqdə 40 pillə irəliləyərək dünya orta göstəricisindən yuxarı mövqe tutub və bir sıra qabaqcıl ölkələri geridə qoyub:
“Milli strategiyanın qəbul olunması, kadr potensialının gücləndirilməsi və dövlət qurumlarında struktur islahatları bu sürətli inkişafı təmin edən əsas amillər kimi göstərilib. Yerli kibertəhlükəsizlik məhsullarına beynəlxalq maraq artıb. Xüsusilə “SAYFEL” məhsuluna Türkiyə və bir sıra Avropa ölkələrindən ciddi maraq var və bu istiqamətdə danışıqlar davam edir. Bundan əlavə, Mərkəzi Asiya və Afrika ölkələrindən də mərkəzin fəaliyyət modelinə maraq müşahidə olunur”.

