UNEC nümayəndə heyəti Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İngilis dili Təmayüllü Gimnaziya və Beynəlxalq Kembric Məktəbində olub. Görüş “Elm gözəldir: məktəbdən elmə” layihəsi çərçivəsində keçirilib.
Bu barədə “Tehsil365”ə Naxçıvan Dövlət Universitetinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Badəm Əliyeva məlumat verib. Məlumatda bildirilib ki, görüşdən öncə Beynəlxalq Kembric Məktəbinin VII sinif şagirdləri “Science” fənni üzrə hazırladıqları elmi layihələri təqdim ediblər. Təqdimatlar zamanı şagirdlər tədqiqat aparmaq və elmi nəticələri təqdim etmək bacarıqlarını nümayiş etdiriblər.
Qonaqlar həmçinin Gimnaziyanın şagirdi Qismət Talıbovun müxtəlif olimpiada və bilik yarışlarında riyaziyyat fənni üzrə qazandığı çoxsaylı medal və diplomlarla tanış olublar. Nümayəndə heyəti eyni zamanda məktəbdə fəaliyyət göstərən STEAM Mərkəzi və laboratoriyalara da baxış keçirib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev hər iki məktəbdə aparılan tədris prosesi haqqında ətraflı məlumat verib. Rektor qeyd edib ki, sözügedən təhsil müəssisələri “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində fəaliyyətə başlayıb. O, yaxın gələcəkdə yeni məktəb binasının tikintisinə başlanılacağını və hər iki məktəbin ayrı-ayrı korpuslarda fəaliyyət göstərəcəyini də diqqətə çatdırıb.
Görüşdə UNEC-in rektoru Ədalət Muradov, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, AMEA-nın həqiqi üzvü, akademik Muxtar İmanov və digər çıxışçılar “Azərbaycanda elmin populyarlaşdırılması: intellektual inkişafa xüsusi təkan” mövzusunda çıxış ediblər. Çıxışlarda elmin təbliği, Azərbaycan dilinin qorunub saxlanılması və bu dilə verilən dəyərlərdən bəhs olunub. Bildirilib ki, bu məktəblərdə tətbiq edilən tədris sistemi şagirdlərin dünyagörüşünün genişlənməsində və intellektual səviyyəsinin yüksəlməsində mühüm rol oynayır.
Görüşün sonunda qonaqlar tərəfindən gimnaziyaya müxtəlif kitablar hədiyyə olunub.

