“Təhsil sistemində əsas nöqsanlar struktur və icra sahəsində deyil, orta ümumtəhsil müəssisələrində tətbiq olunan tədris proqramı ilə bağlıdır. Mövcud tədris proqramı yuxarı sinif şagirdlərinin Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarına hazırlaşmasına kifayət qədər imkan yaratmır.”
Bu sözləri "Tehsil365"ə açıqlamasında Təhsil eksperti Ramin Nurəliyev bildirib.
Ekspert qeyd edib ki, hazırda təhsil sahəsində müəyyən inkişaflar müşahidə olunur və aparılan islahatlar yaxın gələcəkdə bir sıra problemlərin aradan qalxmasına səbəb olacaq.
"Son 15 il ərzində təhsil sistemində ciddi irəliləyişlər qeydə alınıb və bir çox sahələrdə şəffaflıq təmin olunub. Məsələn, uşaqların birinci sinfə qəbulu artıq elektron sistem vasitəsilə həyata keçirilir, müəllim və tərbiyəçi-müəllimlərin işə qəbulu isə MİQ imtahanları əsasında aparılır. Bu dəyişikliklər rüşvət hallarının qarşısının alınmasına mühüm töhfə verib.”
Ekspert bildirib ki, qəbul imtahanlarının çətinlik səviyyəsinin azaldılması və fənlərin sayının optimallaşdırılması vacibdir. Abituriyentlərin bir neçə fənn üzrə repetitor və hazırlıq kurslarına getməsi onların həddindən artıq yüklənməsinə səbəb olur və bu vəziyyət cəmiyyətdə imtahan qorxusunu artırır.
Ramin Nurəliyev sonda onu da qeyd edib ki, inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən ali təhsil müəssisələrinə qəbul asan, bitirmək isə çətindir. Azərbaycanda isə qəbul çətin,bitirmək isə asandır.Buna görə də bu sahədə düzgün tənzimləmə aparılmalıdır- deyə ekspert qeyd edib.

