Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Türkiyənin dənizçilik sahəsində ixtisaslaşmış yeganə ali təhsil müəssisəsi olan Piri Reis Universiteti (PRU) arasında strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Tehsil365” Report-a istinadən xəbər verir ki, Anlaşmanın Memorandumunun imzalanması münasibətilə keçirilən onlayn görüşdə ADDA-nın rektor vəzifəsini icra edən Eldar Qocayev və PRU-nun rektoru Nafiz Arıca öz rəhbərlik etdikləri akademik və inzibati heyətlə birlikdə iştirak ediblər.
Görüş zamanı Anlaşma Memorandumuna əsaslanan Strateji Akademik Əməkdaşlıq çərçivəsində təhsil və elmi-tədqiqat sahələrində uzunmüddətli əməkdaşlıq, o cümlədən akademik mübadilə, birgə tədris proqramlarının hazırlanması, elmi layihələrin icrası və tədbirlərin təşkili imkanları ətraflı müzakirə olunub. Tərəflər əməkdaşlığın mərhələli və sistemli şəkildə həyata keçiriləcəyini vurğulayıblar.

