AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi dosent Pərviz Qasımovun rəhbərliyi ilə bir qrup alim Ağdam şəhərində yerləşən “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində tədqiqat aparıb.
Bu barədə “Tehsil365”ə Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşları - tarix elmləri doktoru, dosent Güntəkin Nəcəfli, dosent Şamil Rəhmanzadə və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Mehri Xanbabayevanın iştirak etdiyi tədqiqatlar Azərbaycan Elm Fondunun “Qarabağ – Azərbaycandır! – 3” qrant müsabiqəsinin qalibi olmuş “Ağdam İmarət Kompleksi (tarixi-arxeoloji-epiqrafik tədqiqat)” layihəsi çərçivəsində həyata keçirilib. Tədqiqatlar əsasən “İmarət” kompleksinin qəbiristanlığında vandalizmə məruz qalmış baş və sinə daşları üzərində epitafiyaların öyrənilməsi, həmçinin komplekslə bağlı arxiv materiallarının araşdırılmasını əhatə edib. Ezamiyyət zamanı epitafiyaların estampları çıxarılıb.
Xatırladaq ki, kompleksdə 2023-2024-cü illərdə arxeoloji tədqiqatlar aparılıb, vandalizm faktları sənədləşdirilib və dəfn abidələrinin yerləri müəyyənləşdirilib. Azərbaycan Prezidentinin 2025-ci il 20 fevral tarixli Sərəncamına əsasən ərazidə “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb.

