Tarixçilər Nazim Xəlilov, Elnur Nəciyev, Günay Nəciyeva, Sevinc Məlikzadə və Alidə Quliyeva AMEA-nın həqiqi üzvü Yaqub Mahmudova doğum günü münasibətilə foto-təbrik ünvanlayıblar.
Tarixçilər “Tehsil365”ə açıqlamasında bildiriblər ki, foto-təbrikdə Yaqub Mahmudovun tələbəlik fotosu (1961), “Azərbaycan tarixi” proqramı, “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, “Qarabağ: real tarix, faktlar, sənədlər” kitabı, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” fundamental tədqiqat əsəri, “Real tarix və “böyük Ermənistan” uydurması” fundamental tədqiqatı və “Azərbaycan tarixi xəritələrdə” atlasının üz qabıqları yer alıb:
“1991‐ci ildə – Azərbaycanda fövqəladə vəziyyət rejiminin tətbiq olunduğu dövrdə Yaqub Mahmudovun rəhbərliyi ilə orta ümumtəhsil məktəbləri üçün üzərində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının təsviri olan ilk “Azərbaycan tarixi” proqramı nəşr olunub.
Yaqub Mahmudovun baş redaktorluğu ilə Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəri – ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” (I nəşr: 2004-2005; II nəşr: 2014) nəşr olunub. Bu ensiklopediya Ulu Öndər Heydər Əliyevin tapşırığı, Prezident İlham Əliyevin hərtərəfli qayğısı və köməkliyi ilə işıq üzü görüb.
Onun həmmüəllifi olduğu “Qarabağ: real tarix, faktlar, sənədlər” kitabında ilk dəfə olaraq Qarabağ tarixi bütöv halda – ən qədim dövrlərdən bu günədək təkzibolunmaz sənədlər və fotomateriallar əsasında şərh olunub. Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq yazılmış bu əsər 7 dildə nəşr olunub.
Yaqub Mahmudovun rəhbərliyi, həmmüəllifliyi və elmi redaktorluğu ilə ilk dəfə “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” fundamental tədqiqat əsəri nəşr olunub. Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq yazılmış bu əsər erməni işğalçılarına qarşı Vətən müharibəsinə elmi-informasiya hazırlığının təmin olunmasında mühüm rol oynayıb. Əsər 9 dildə işıq üzü görüb.
Yaqub Mahmudov tarixşünaslıqda ilk dəfə olaraq “Real tarix və “böyük Ermənistan” uydurması” fundamental tədqiqatını nəşr etdirib. Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq yazılmış bu əsər erməni qəsbkarlarının Azərbaycana qarşı ərazi iddialarını ifşa edir. Əsər 11 dildə işıq üzü görüb.
Akademik Yaqub Mahmudovun elmi redaktor və naşiri olduğu “Azərbaycan tarixi xəritələrdə” atlası Azərbaycan tarixinə dair ilk fundamental atlasdır. Atlasa ən qədim zamanlardan Vətən müharibəsinə qədərki dövrdə dünyanın müxtəlif ölkələrində dərc olunmuş və Azərbaycanın dövlətçilik tarixini əks etdirən 200-ə qədər ən mühüm xəritə daxil edilib”.
Qeyd edək ki, bu gün görkəmli tarixçimizin 87 yaşı tamam olur.

