Bakı Dövlət Universitetində (BDU) məzunların karyera inkişafına dəstək məqsədilə yeni layihəyə start verilib. Universitetin Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə BDU-nun 2023–2025-ci illər məzunları üçün nəzərdə tutulan “Career Frame” karyera inkişaf layihəsinin açılışı baş tutub.
Bu barədə “Tehsil365"ə Bakı Dövlət Universitetindən məlumat verilib. Bildirlib ki, layihə çərçivəsində ilk təlim Karyera və məzunlarla iş Mərkəzinin karyera planlaşdırılması üzrə məsləhətçisi Pərvanə Babayeva tərəfindən keçirilib. Açılış görüşü və təlim zamanı iştirakçılara karyera planlaması, CV və rezüme anlayışları, əmək bazarında uğurlu müraciət strategiyaları, eləcə də işəgötürənlərin gözləntiləri barədə həm nəzəri, həm də praktik məlumatlar təqdim olunub.
Onlayn və interaktiv formatda təşkil olunan təlimdə müzakirələr aparılıb, iştirakçılar üçün praktiki tapşırıqlar icra edilib.
Layihənin əsas məqsədi BDU məzunlarının əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasını təmin etmək, onların karyera bacarıqlarını inkişaf etdirmək və peşəkar istiqamətdə düzgün yol xəritəsi formalaşdırmalarına dəstək göstərməkdir. “Career Frame” layihəsi əsasən onlayn formatda həyata keçirilir və mentorluq xidməti, praktiki təlimlər, eləcə də şəbəkələşmə imkanlarını əhatə edir.
Qeyd edək ki, keçirilmiş sorğular və müsahibə mərhələsinin nəticələrinə əsasən, 30 nəfər BDU məzunu layihədə iştirak hüququ qazanıb.

