Fevralın 11-də Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin (EKİXM) zalında kafedra əməkdaşları üçün “Google Scholar platformasında akademik profilin yaradılması və idarə olunması, alimlərin elmi fəaliyyətinin qiymətləndirilməsi meyarları və beynəlxalq elmi mühitə inteqrasiya imkanları” mövzusunda dəyirmi masa təşkil olunub.
Bu barədə “Tehsil365”ə ADU-dan məlumat verilib. Bildirilib ki, tədbirin əsas məqsədi universitet tədqiqatçılarının elmi fəaliyyətinin rəqəmsal platformalarda düzgün təqdim edilməsi, beynəlxalq elmi göstəricilərinin artırılması, istinad indekslərinin izlənilməsi və akademik nüfuzun gücləndirilməsi istiqamətində metodiki dəstəyin göstərilməsidir.
Dəyirmi masa çərçivəsində Google Scholar-da akademik profilin yaradılması və optimallaşdırılması qaydaları, akademik qiymətləndirmə metodologiyası, beynəlxalq indeksləşmə sistemləri, H-index və digər bibliometrik göstəricilər, həmçinin Google Scholar, Scopus, Web of Science kimi platformalarda alimlərin qiymətləndirilməsi mexanizmləri müzakirə olunub. Bununla yanaşı, akademik mühitlərlə inteqrasiya imkanları, qarşılıqlı indeksləşmə mexanizmləri, etik normalar, qeydiyyat formalarının düzgün doldurulması və müəllif profillərinin idarə olunması məsələlərinə toxunulub.
Tədbirdə EKİXM əməkdaşları Pərviz Kazımi və Səkinə Həsənova geniş və praktik təqdimatlarla çıxış ediblər. Pərviz Kazımi alimlərin rəqəmsal identifikasiyasının müasir elmi fəaliyyətin ayrılmaz hissəsi olduğunu vurğulayaraq Google Scholar profilinin yaradılması mərhələlərini izah edib, müəllif məlumatlarının düzgün daxil edilməsinin və indeksləşmə prosesinə nəzarətin vacibliyini diqqətə çatdırıb.
H-index və digər bibliometrik göstəricilərin formalaşma mexanizmi elmi-statistik əsaslarla şərh olunub, bu göstəricilərin elmi məhsuldarlığın ölçülməsində rolu açıqlanıb. Eyni zamanda ORCID, Scopus Author ID kimi identifikasiya sistemlərinin əhəmiyyəti və platformalararası inteqrasiya imkanları barədə məlumat verilib.
Səkinə Həsənova isə akademik qiymətləndirmə metodologiyasının institusional inkişaf baxımından əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, müəllif profillərinin düzgün strukturlaşdırılması universitetin ümumi elmi reytinq göstəricilərinə müsbət təsir göstərir. Tədbirdə akademik etik normaların qorunması, müəlliflik hüquqlarının düzgün təqdim edilməsi və elmi nəşrlərin beynəlxalq standartlara uyğun yerləşdirilməsi məsələləri də geniş şəkildə izah edilib.

