Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) “Azərbaycan qadınları elmdə” mövzusunda tədbir keçirilib.
“Tehsil365” Azərtac-a istinadən bildirir ki, tədbirdə direktor Mübariz Məmmədli rəhbəri olduğu RETK haqqında yığcam məlumat verib. O, kitabxananın maarifləndirmə və elmi təbliğat istiqamətindəki fəaliyyətinə toxunaraq bu sahədə mütəmadi tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Tədbirdə qonaq qismində Milli Aerokosmik Agentliyinin əməkdaşları - texnika üzrə fəlsəfə doktorları dosent Günel Əliyeva, dosent Amidə Əliyeva və Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi fizika üzrə fəlsəfə doktoru, dosent Sevinc Bəşirova iştirak ediblər.
Qonaqlar çıxışlarında elmi fəaliyyətləri, təcrübələri və əldə etdikləri nailiyyətlər barədə ətraflı danışıblar. Həmçinin “Web of Science”, “Scopus” və “Springer” kimi nüfuzlu beynəlxalq platformalarda dərc olunan məqalələr barədə məlumat verilib.
Sonra “Azərbaycanda ziyalı qadınlar” adlı videomaterial nümayiş olunub. Tədbirdə, həmçinin kitabxananın fondunda olan qadın müəlliflərin elmi kitablarının sərgisi təşkil edilib.

