Zəli ilə müalicənin tətbiqi sahəsi çox genişdir. Onunla böyrək, prostat, mədəaltı vəzi, şəkər, varikoz, hipertoniya (qan təzyiqi), göz xəstəliklərində, babasil, psorioz, qaraciyər, mədə problemlərində, qan dövranı durğunluğunda, stenokardiya (ürək-damar), başağrısında, oynaq ağrılarında, osteoxondroz, miqren, bronxial-astma və digər xəstəliklərin kompleks müalicəsində səmərəli effekt verir.
“Tehsil365” Azərtac-a istinadən xəbər verir ki,bu barədə Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev məlumat verib.
“Respublikamızda təbabət zəlisinin yayılma arealları və təbii resursları ilə əlaqədar son dövrə kimi kompleks elmi-tədqiqat işləri aparılmayıb. Aşkar olunmuş zəlilər isə Zoologiya İnstitutunda hidrobioloji tədqiqatlar nəticəsində müəyyən edilib. Məhz bu baxımdan təbabət zəlilərinin təbii resurslarının qorunub saxlanması və onlardan səmərəli istifadə edilməsi üçün biofabrik və tədarük məntəqələrinin yaradılması məqsədəuyğundur. Sututarlarında zəli ehtiyatlarının bol və əhali arasında tibb zəlisinə durmadan artan tələbatın olmasına baxmayaraq, ölkəmizdə hələ də ixtisaslaşdırılmış zəliçilik təsərrüfatları və ya zəli artırılan biofabriklər yoxdur”, - deyə alim bildirib.

