NDU-nun nəzdində İngilis dili Təmayüllü Gimnaziya “Sabahın Alimləri” müsabiqəsinin finalında Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın komandası “Sabahın Alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsində Naxçıvan Muxtar Respublikasını təmsil edəcək.
Bu barədə “Tehsil365”ə Naxçıvan Dövlət Universitetindən məlumat verilib. Bildirilib ki, müsabiqənin final mərhələsi 3–5 mart 2026-cı il tarixlərdə Bakı Ali Neft Məktəbində keçiriləcək. Gimnaziya müsabiqədə “ReseptPlus” layihəsi ilə çıxış edəcək.
Layihə səhiyyə sahəsində reseptlərin yazılması, ötürülməsi və icrası zamanı yaranan problemlərin aradan qaldırılmasına yönəlmiş texnoloji və praktik həll təqdim edir. Əsas məqsəd resept işində dəqiqliyin artırılması, insan amilindən qaynaqlanan səhvlərin azaldılması və idarəetmənin rəqəmsallaşdırılmasıdır. Layihə çərçivəsində reseptlərin elektron formada hazırlanması və saxlanılması, məlumatların təhlükəsiz sistem üzərindən idarə olunması, eləcə də həkim–aptek arasında məlumat mübadiləsinin daha nəzarətli şəkildə aparılması nəzərdə tutulur. Bu yanaşma dərmanların yanlış verilməsi riskinin minimuma endirilməsinə xidmət edir.
Bununla yanaşı, “ReseptPlus” resept məlumatlarının sistemli şəkildə toplanmasına imkan yaradaraq statistik və analitik təhlillərin aparılmasını mümkün edir. Bu isə səhiyyə sahəsində daha düzgün qərarların qəbuluna və resurslardan səmərəli istifadəyə şərait yaradır. İnnovativ yanaşması və real problemlərə fokuslanması ilə seçilən layihə münsiflər heyəti tərəfindən müsbət qiymətləndirilərək müsabiqənin final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, layihənin müəllifi gimnaziyanın XI sinif şagirdi Hüseyn Tahirov, elmi rəhbər Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri Hüseyn İmanov, köməkçi şagird isə XI sinif şagirdi Kənan Məmmədzadədir.

