Təhsil eksperti Elçin Muradov məktəblərdə şagirdlərin yalnız dərs tədrisi ilə məhdudlaşdığını, sosial aktivlik və şəxsi inkişaf üçün tədbirlərin demək olar ki, həyata keçirilmədiyini bildirib. Onun sözlərinə görə, məktəblər şagirdlərin biliklə yanaşı, maraq və bacarıqlarını üzə çıxarmalı, onların gələcək yönləndirilməsində əsas rol oynamalıdır.
Təhsil eksperti Elçin Muradov "Təhsil365"ə açıqlamasında bildirib ki, hazırda məktəblərdə şagirdlərə yalnız dərs tədris edilir, lakin onların sosial aktivliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilmir.
Ekspertin sözlərinə görə, məktəb daxilində bilik yarışları, idman turnirləri və digər sosial fəaliyyətlər ya ümumiyyətlə keçirilmir, ya da çox aşağı səviyyədədir: "Bütün şagirdlər ali savadlı ola bilməz, amma hər uşaqda mütləq ki, hər hansı bir sahəyə maraq var. Bu marağı üzə çıxarıb şagirdi o istiqamətdə yönləndirmək daha məqsədəuyğundur." – deyə Muradov vurğulayıb.
O qeyd edib ki, məktəblər uşaqların əsl kimliyini üzə çıxaran ilk müəssisədir və yetişkinlik dövrü məhz orada başlayır. Dünyanın bir çox məktəblərində şagirdlərin maraq və bacarıqlarını inkişaf etdirmək üçün laboratoriyalar, emalatxanalar fəaliyyət göstərir. Azərbaycanda isə əvvəllər mövcud olan emalatxanalar artıq məktəblərdə yoxdur.
Muradov hesab edir ki, təhsil müəssisələri yalnız dərs verməklə kifayətlənməməli, həm də təlim və tərbiyə funksiyasını tam şəkildə yerinə yetirməlidir: "Məktəblər şagirdlərin biliklə yanaşı, bacarıq və yaradıcılıq potensialını da inkişaf etdirməlidir. Təhsil, təlim və tərbiyə bir yerdə həyata keçirilməlidir." Ekspertin fikrincə, məktəblərdə sosial fəaliyyətlərin artırılması, müxtəlif yarışların və emalatxanaların bərpası şagirdlərin şəxsi inkişafına mühüm töhfə verəcək.

