2026-cı il fevralın 6-da Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetinin nümayəndə heyəti elmi məzuniyyət çərçivəsində Xəzər Universitetində olub.
Bu barədə “Tehsil365”ə Xəzər Universitetində məlumat verilib. Bildirilib ki, görüşdə Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetinin Beynəlxalq əməkdaşlıq, tədqiqat və innovasiya üzrə prorektoru, professor Marufjon Yuldaşev, Dillər və ibtidai təhsil fakültəsinin dekanı, dosent Zubeyda Şarapova, Pedaqogika kafedrasının dosenti Abdujalilova Şoira iştirak ediblər. Qonaqları Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova qarşılayıb. Görüş daha sonra departament əməkdaşlarının iştirakı ilə geniş tərkibdə müzakirə formatında davam etdirilib.
Müzakirələr zamanı iki ali təhsil müəssisəsi arasında elmi əlaqələrin qurulması, birgə tədqiqatların aparılması, alim və gənc tədqiqatçıların qarşılıqlı elmi səfərlərinin təşkili, universitetlərarası əməkdaşlıq və mübadilə imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, gənc tədqiqatçılar üçün birgə yay məktəbinin təşkili, elmi seminar və təlim proqramlarının keçirilməsi perspektivləri də müzakirə olunub. Sonda tərəflər əməkdaşlığın daha da genişləndirilməsinin, ortaq elmi layihələrin həyata keçirilməsinin və xüsusilə türkologiya sahəsində birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

