2025-ci il fevralın 6-da Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin doktorantı Günay Yaşar qızı Yediyarlının filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Bu barədə “Tehsil365”ə Xəzər Universitetində məlumat verilib. Bildirilib ki, doktorantın “Çağdaş nəsrdə qaçqınlıq konseptinin bədii, sosial-psixoloji aspektləri və təzahür formaları” (elmi rəhbər: dosent Dilbər Zeynalova) mövzusunda hazırladığı tədqiqat işi müzakirəyə çıxarılıb.
Tədbirdə Dillər və ədəbiyyatlar departamentinin professor-müəllim heyəti, doktorant və dissertantlar, müvafiq ixtisas üzrə mütəxəssislər, həmçinin Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Günel Bahəddinova iştirak edib. Doktorant Günay Yediyarlı çıxışında dissertasiya işinin aktuallığını əsaslandırıb, tədqiqatın məqsəd və vəzifələrini, elmi yeniliyini, metodoloji əsaslarını və əldə olunan nəticələri ətraflı şəkildə təqdim edib.
Qeyd olunub ki, işdə çağdaş nəsrdə qaçqınlıq konsepti bədii və sosial-psixoloji aspektlərdə sistemli şəkildə araşdırılıb. İclasa sədrlik edən professor Bədirxan Əhmədli təqdim olunmuş dissertasiyanı tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirib. Rəyçilər mövzunun aktuallığını, seçilmiş elmi yanaşmanın məqsədəuyğunluğunu və əldə olunmuş nəticələrin elmi dəyərini müsbət qiymətləndirməklə yanaşı, bir sıra irad və tövsiyələrini də səsləndiriblər.
Müzakirələr zamanı çıxış edənlər dissertasiya işinin nəzəri və praktik əhəmiyyətini vurğulayıb, ayrı-ayrı məqamlarla bağlı iddiaçıya suallar ünvanlayıblar. Doktorantın cavabları qənaətbəxş hesab olunub. İclasın sonunda dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyi barədə qərar layihəsi hazırlanaraq yekdilliklə qəbul edilib.

