Buraxılış imtahanlarının yaxınlaşması ilə birlikdə abituriyentlər arasında stress və narahatlıq halları artmaqdadır. Gələcək təhsil və karyera seçimlərinin bu nəticələrdən asılı olması yeniyetmələr üzərində ciddi psixoloji təzyiq yaradır.
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “Tehsil365” ə açıqlamasında bildirib ki, imtahan dövrü yeniyetmələrin həyatında ən həssas mərhələlərdən biridir. Onun sözlərinə görə, stressin əsas səbəbləri yüksək gözləntilər, uğursuzluq qorxusu, valideyn və cəmiyyət təzyiqi ilə bağlıdır.
“Bir çox abituriyent imtahan nəticəsini həyatının taleyi kimi qəbul edir. Bu isə daxili gərginliyi artırır. Xüsusilə valideynlərin ‘mütləq yüksək bal toplamalısan’ kimi yanaşması uşaqlarda özünə inamsızlıq və güclü qorxu yarada bilər”, – deyə Nabat Mirzəyeva qeyd edib.
Psixoloq vurğulayıb ki, imtahan stressi özünü müxtəlif formalarda göstərə bilər. Bunlara yuxusuzluq, iştahanın azalması və ya artması, əsəbilik, diqqət dağınıqlığı, tez yorulma, bəzi hallarda isə panik atak kimi hallar daxildir. Eyni zamanda, abituriyentlərdə özlərini digərləri ilə müqayisə etmə nəticəsində dəyərsizlik hissi də formalaşa bilər.
Nabat Mirzəyevanın sözlərinə görə, valideynlərin rolu bu mərhələdə xüsusi əhəmiyyət daşıyır. Valideynlər övladlarına təzyiq göstərmək əvəzinə, onları dəstəkləməli, başqaları ilə müqayisə etməməli və nəticədən asılı olmayaraq yanlarında olduqlarını hiss etdirməlidirlər.
“İmtahan vacib mərhələdir, lakin həyatın sonu deyil. Uşağa bunu aşılamaq çox önəmlidir. Düzgün planlaşdırılmış dərs rejimi, balanslı qidalanma, kifayət qədər yuxu və qısa fasilələr stressin azalmasına kömək edir”, – deyə psixoloq əlavə edib.
Sonda mütəxəssis bildirib ki, həddindən artıq gərginlik və psixoloji çətinliklər müşahidə olunduğu hallarda peşəkar dəstəyə müraciət etməkdən çəkinmək lazım deyil. Əsas məqsəd yalnız yüksək nəticə deyil, eyni zamanda gənclərin psixoloji sağlamlığının qorunmasıdır

