Bu ildən bir sıra incəsənət məktəblərində yeni pilot ixtisaslar üzrə - qrafik və dəb dizaynı, elektron musiqi, foto və videoqrafiya, dekorativ-tətbiqi sənət sahələrində şagird qəbulu aparılacaq.
”Tehsil365“ xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov nazirliyin 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş kollegiya iclasında deyib.
Ötən il incəsənət məktəblərinə şagird qəbulunun tam şəkildə elektronlaşdırıldığını bildirən nazirin müşaviri direktor və direktor müavinlərinin, eləcə də müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada iki mərhələdə həyata keçirildiyini diqqətə çatdırıb.
Cəsarət Valehov bildirib ki, incəsənət təhsili sahəsində aparılan islahatlar çərçivəsində təhsilverənlərin peşə səriştə və bacarıqlarının qiymətləndirilməsi məqsədilə 2025-ci ildə attestasiya prosesinə başlanılıb. Bu il attestasiyanın II mərhələsi 9 region üzrə 57 inzibati ərazidə fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan müəllimləri əhatə edəcək. Attestasiya cari ildə başa çatdırılacaq.

