"Akademiklərimiz rəy verirlər, amma çox zəifdir".
“Tehsil365" xəbər verir ki, Təhsil Tv-nin “Təhsil saatı” verilişində Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev müəllimlərin rəy verməsinin və psixoloqların dərsliklərdəki rolunun əhəmiyyətindən danışıb.
"Bizim akademiyanın mütəxəssislərinə elə gəlir ki, dərsliklərin onlara heç bir aidiyyəti yoxdur. Yəni onlar yalnız öz elmi tədqiqatları ilə məşğuldurlar. Halbuki vaxtilə Sovet İttifaqı elminin qüdrətini təmsil edən fizika məktəbinin dahisi Lando özü dərslik yazırdı. O dövrdə akademiklər bu məsələyə çox həssas və maraqlı yanaşırdılar. Bilmirəm, bu, siyasi rəhbərlikdən gələn təlimat idi, yoxsa onların şəxsi təşəbbüsü. Mənə elə gəlir ki, bu, məhz onların öz təşəbbüsündən irəli gəlirdi.
Çünki onlar başa düşürdülər ki, məktəbdəki kadrlar və ümumilikdə məktəb təhsili inkişaf etməsə, sonradan elmin möhkəm bazası formalaşmayacaq. Buna görə də, ilk növbədə, hər bir akademikin məktəblərdə tədris saatları olurdu. Məsələn, ayda bir dəfə hansısa məktəbdə dərs deyirdilər. İkinci mühüm məsələ isə dərsliklərə son dərəcə həssas yanaşmaları idi.
Elmin inkişafı orta məktəb dərsliklərinin və tədris proqramlarının yenidən işlənməsini zəruri edir. Ona görə də ilk növbədə müraciətim həm elmi işçilərə, həm valideynlərə, həm də müəllimlərədir ki, bu prosesdə fəal olsunlar. Sentyabrda qarşılarına çıxacaq dərsliklərə sürpriz kimi baxmasınlar. Bununla bağlı saytda məlumat var. Odur ki, vaxt itirmək olmaz".

