Fevralın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının professor-müəllim heyəti ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkil etdiyi “Süni İntellekt Savadlılığı” adlı təlimdə iştirak edib.
Bu barədə "Tehsil365"ə ADU-dan məlumat verilib. Bildirilib ki, təlimin əsas məqsədi müəllimlərə süni intellekt alətlərinin təhsil sahəsində tətbiq imkanlarını öyrətmək, dərs prosesinin daha interaktiv və effektiv təşkili istiqamətində onlara dəstək göstərmək olub.
Təlimçi Nofəl Əliyev iştirakçılara süni intellektin təhsildə rolu, dərs planlarının hazırlanması, tələbə iştirakının artırılması barədə nəzəri biliklər təqdim edib, eyni zamanda praktiki məşğələlər keçirib.
Təlim çərçivəsində müəllimlər süni intellekt alətlərindən dərs materiallarının hazırlanmasında, tədrisin keyfiyyətinin yüksəldilməsində və interaktiv təhsil mühitinin qurulmasında istifadə ilə bağlı praktik təcrübə qazanıblar.
Sonda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, suallarını mütəxəssisə ünvanlayaraq süni intellektin dərslərdə daha effektiv tətbiq yolları barədə məlumat əldə ediblər.

