2025-ci il fevralın 5-də Xəzər Universitetində Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “EBSCOhost platformasında EBSCO AI alətləri ilə axtarışın təkmilləşdirilməsi” mövzusunda onlayn seminar keçirilib.
Bu barədə "Tehsil365"ə Xəzər Universitetindən məlumat verilib. Bildirilib ki, seminar EBSCO şirkətinin nümayəndəsi Iryna Serzhan tərəfindən aparılıb və əsas məqsəd Xəzər Universitetində mövcud olan EBSCOhost platforması vasitəsilə elmi resurslardan daha səmərəli istifadə imkanlarını iştirakçılara təqdim etmək olub. Onlayn seminar zamanı EBSCO-nun süni intellekt əsaslı axtarış alətləri, həmçinin akademik tədqiqat prosesini asanlaşdıran funksiyalar əyani şəkildə nümayiş etdirilib və iştirakçıların sualları cavablandırılıb.
Tədbir çərçivəsində aşağıdakı mövzular üzrə ətraflı məlumat verilib: universitetdə mövcud olan jurnal, kitab və dissertasiyaların tam mətnlərinə çıxış imkanları; axtarış sorğularının düzgün formalaşdırılması ilə daha dəqiq nəticələr əldə edilməsi; süni intellekt alətlərinin istifadəsi; Natural Language Search, Generate AI Insights, More Like This funksiyalarının tətbiqi; resurslarla işləyərkən istifadə olunan məhdudlaşdırıcı və genişləndirici alətlər; nəşrlərin yüklənməsi, göndərilməsi, sitat gətirilməsi və ixrac edilməsi; mövzu başlıqları (subject headings) əsasında axtarışın qurulması; şəxsi hesabın yaradılmasının əhəmiyyəti; mövzu bildirişlərinin və yeni jurnal buraxılışları ilə bağlı xəbərdarlıqların qurulması və digər faydalı imkanlar.
Seminarda iştirak edən bütün iştirakçılara sertifikatlar təqdim olunub. Tədbir universitetin professor-müəllim heyəti, tədqiqatçılar, magistrantlar və tələbələr tərəfindən maraqla qarşılanıb və EBSCOhost platformasından istifadəyə dair biliklərin artırılmasına mühüm töhfə verib.

