“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə 2026-cı il fevralın 10-da Orta əsr dövrünə aid mədəni irs nümunələrinin qorunması, öyrənilməsi və təbliği mövzusunda onlayn elmi seminar keçirilib.
Bu barədə "Tehsil365"ə Xəzər Universitetindən məlumat verilib. Bildirilib ki, seminarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarının nümayəndələri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimləri və gənc könüllülər iştirak ediblər.
Tədbirə Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müəllimi Dr. Yaqub Məmmədov, eləcə də Humanitar, təhsil və sosial elmlər fakültəsinin tarix müəllimliyi və tarix-coğrafiya müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələr – Natavan Orucova (V kurs), Aysel Həsənova (IV kurs), Könül İbrahimli (IV kurs), Maya Hacıqayıbova (II kurs) və Fidan İlyasova (I kurs) da qoşulublar.
Seminar çərçivəsində Türk dünyasının ortaq mədəni irsinin tədqiqi, bu sahədə elmi əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində müzakirələr keçirilib. Tədbirin sonunda könüllülərə və tələbələrə beynəlxalq sertifikatlar təqdim olunub.

