Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərinin Bakı Avropa Liseyinə ekskursiyası təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Tehsil365“ ə verilən məlumata görə, uşaqlar liseyin STEAM laboratoriyası, kitabxana və idman zalı ilə tanış olublar. Onlara təhsil prosesi və yaradılan müasir infrastruktur barədə ətraflı məlumat verilib.
Tədbir zamanı uşaqlar rəqs, rəsm, xalça toxuma və digər sahələrdə öz bacarıqlarını nümayiş etdiriblər. Uşaq evinin sakinləri və liseyin şagirdlərinin iştirakı ilə "Kim? Nə? Harada?" intellektual oyunu da keçirilib.
Uşaqların böyük marağına səbəb olan ekskursiya onların təhsilə motivasiyasının və dünyagörüşünün formalaşmasına dəstək məqsədilə təşkil edilib.

