Depressiya sadəcə bir səbəbdən yaranmır. Psixoloq Mətanət Əliyevanın sözlərinə görə, bu vəziyyət psixoloji, sosial və bioloji amillərin üst-üstə düşməsi nəticəsində formalaşır. Uzunmüddətli stress, emosional dəstəyin çatışmazlığı, travmatik hadisələr, mənfi düşüncə tərzi, genetik meyillilik və qeyri-sağlam həyat tərzi depressiyanın əsas risk faktorlarıdır. Erkən mərhələdə peşəkar psixoloji dəstək almaq isə vəziyyətin ağırlaşmasının qarşısını almaqda mühüm rol oynayır.
Psixoloq Mətanət Əliyeva depressiyanın səbəbləri ilə bağlı “Tehsil365“ə verdiyi açıqlamasında bildirib ki, bu psixoloji vəziyyət çoxşaxəli amillərin təsiri ilə meydana gəlir.
Onun sözlərinə görə, ən çox rast gəlinən səbəblərdən biri uzunmüddətli stress və emosional yüklənmədir: "Davamlı gərginlik, iş və ya ailə problemləri, qeyri-müəyyənlik hissi insanın psixoloji davamlılığını zəiflədir."
Əliyeva qeyd edib ki, emosional dəstəyin çatışmazlığı da depressiyanın formalaşmasına zəmin yaradır. Özünü tənha hiss etmək, başa düşülmədiyini düşünmək və problemlərini paylaşa biləcəyi mühitin olmaması bu vəziyyəti daha da gücləndirir.
Psixoloqun sözlərinə görə, itki və travmatik hadisələr – yaxın insanın vəfatı, boşanma, ciddi xəstəlik və qəfil həyat dəyişiklikləri – insanın psixoloji tarazlığını poza bilər. Aşağı özünəqiymət, özünü günahlandırma və mənfi düşüncə tərzi də depressiyanın əsas psixoloji faktorları sırasındadır.
Bioloji baxımdan isə genetik meyillilik, hormonal dəyişikliklər və sinir sisteminin funksional pozuntuları risk faktorları kimi qeyd olunub. Yuxusuzluq, fiziki aktivliyin azlığı və qeyri-sağlam həyat tərzi də bu prosesi sürətləndirən amillərdir.
Mətanət Əliyeva vurğulayıb ki, depressiya zəiflik deyil, müalicə oluna bilən psixoloji vəziyyətdir: "Vacib məqam ondan ibarətdir ki, erkən mərhələdə peşəkar psixoloji dəstək almaq vəziyyətin ağırlaşmasının qarşısını almaqda mühüm rol oynayır."
Psixoloqun fikrincə, depressiyanın qarşısını almaq üçün sosial dəstəyin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və peşəkar psixoloji yardımın əlçatan olması vacibdir.

