Milli Azərbaycan Tarixi Muzeyində yaradılmış Vətən müharibəsi fondunun əməkdaşları dörd il ərzində hər bir şəhidin, müharibə iştirakçısının materiallarını sistemləşdirib, pasportlaşdırıb və kataloq ərsəyə gətiriblər. Vətən müharibəsinin tarixinin, qəhrəman hərbçilərin həyat və döyüş yollarının öyrənilməsi üçün əvəzsiz mənbə rolunu oynayan kataloqda 269 zabit və əsgərin, tibb işçisinin 2783 materialı təqdim olunur.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında “Böyük Zəfərin qəhrəmanları” adlı kataloqun təqdimat mərasimi keçirilib.
“Tehsil365" xəbər verir ki, təqdimat mərasimində Vətən müharibəsi şəhidlərinin ailələri, Kürdəmir rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin təşkilatçısı muzeyin Aran Regional filialının müdiri dosent Yaqut Bahadurqızı Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondu və kataloq haqqında məlumat verib.
Şəhid ailələrindən Səhər Hüseynova, Jalə Mikayılova, Roza Qəribova, Müşginaz Əliyeva, Esmira Məmmədova çıxış edərək Azərbaycanın qəhrəmanlıq tarixinə öz adını yazan övladları ilə qürur duyduqlarını, şəhid doğmaları haqqında kataloqda dərc olunan məlumatı sevinc hissi ilə qarşıladıqlarını, əzizlərindən nişanə qalmış əşyaları Tarix Muzeyinə təqdim etməkdə haqlı olduqlarını söyləyiblər.
Tədbirin sonunda “Böyük Zəfərin qəhrəmanları” kataloqu şəhid ailələrinə təqdim edilib.

